Azərbaycanda məişət zorakılığı cinayət əməli sayıla bilər
"Azərbaycanda məişət zorakılığı cinayət əməli kimi Cinayət Məcəlləsində yer almayıb. Beynəlxalq ekspertlər məişət zorakılığının Cinayət Məcəlləsinə salınmasını təklif edirlər".
APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda keçirilən konfrans zamanı deyib.
"Məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla, vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini ekspertlər tövsiyə edir. Həmçinin məişət zorakılığı qurbanlarının təcili mühafizəsi bağlı müəyyən çətinliklər var" - deyən Taliyə İbrahimova bildirib ki, məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailəni qorumaq üçün mexanizmlər yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən məişət zorakılığının baş verdiyi ailələrə sosial işçilər tərəfindən yardımlar edilir və həmin ailələrdə güclü psixoloqlar fəaliyyət göstərir. Bu kimi hallar münaqişəli ailədə tərəflərin barışmasına yardım edir: "Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir".
ABŞ-ın Azərbaycandakı missiya rəhbərinin müavini Vilyam Gil isə bildirib ki, dünyada hər 3 qadından biri gender əsaslı zorakılıqdan əzab çəkir. Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir.