"Qızım iflic olduğu üçün ərim bizi atdı" - ANA FƏRYADI

12 yaşlı Sevinc ailənin ilk övladıdır. Anası Pərvanə Əliyeva 13 il əvvəl sevib seçdiyi Nazim adlı həmyerlisi ilə ailə qurub. Əslən Cəlilabaddan olan cütlüyün bu izdivacdan iki övladı olub. Hamiləlik dönəmində sağlıq durumundan şikayətçi olmayan ananın övladı doğuş zamanı aldığı zədədən serebral beyin iflici keçirib: "Övladım Şahbazova Sevinc Nazim qızı 2005-ci ildə anadan olub. Uşaq anadangəlmə serebral iflicdən əziyyət çəkir. Anadan olan gündən demək olar ki, müalicəsiz qalmayıb. Bakı Şəhər Uşaq Bərpa-Müalicə Mərkəzində müalicə olunur vaxtaşırı. Demək olar ki, bu müalicələr səhhətində ciddi dönüş yaratmır, amma yaxşı təsir edir. Özüm də sakitləşirəm o müalicə olunanda. Müayinə edən mütəxəssislər deyir ki, serebral uşaq iflicinin müalicəsi var. Ona da maddi imkan olmalıdır" .

 

Pərvanə xanım işləmir. Ailənin ilk övladının serebral iflicdən əziyyət çəkdiyini görən ata valideynlərinin müdaxiləsi nəticəsində onları tərk edib. Nazimin atası oğlu və gəlini qarşısında şərt qoyub. "Sağlam olmayan övladınızdan ya imtina edin, ya da ayrılın" deyib: "Yoldaşım bizi tərk elədi Sevincə görə, uşağı əlillər evinə verməyimi tələb etdi. Buna görə ayrıldıq. İki övladım var. İkinci qızım 6-cı sinifdə oxuyur. İkinci uşağım da aylardır baş ağrılarından əziyyət çəkir. Həkimə aparmağa belə imkanım çatmır. Övladlarıma özüm baxıram. Sevinci heç kimə etibar edə bilmirəm. 10 il öncə bizdən imtina etdi. Aliment verməmək üçün saxta "dəlilik kağızı" götürüb. Cəlilabad rayon Məhkəməsində hüququmu pozurlar. Hazırda iş Şirvan Apelyasiya Məhkəməsindədir".

 

Hazırda ailə Sevincin 74 manat pensiyası ilə yaşayır. Bu isə 12 yaşlı qızın istifadə etdiyi pampersin pulunu belə ödəmir. Pərvanə xanımın sözlərinə görə, qohumlarının yardımı olmasa, dolanışıqları daha da çətin olar: "Ailənin dağılmasına səbəb sırf bu uşaq oldu. Qaynatamgil heç cür uşağı qəbul etmək istəmədi. İkinci qızım atası ilə telefonla danışmaq istəyir, cavab vermir. Şəkillərini yollayır atasına, o isə uşağı telefonda blok edir".

 

Övladlarından imtina edən ata ailəsinin təkidi ilə ikinci dəfə ailə qurub. İkinci nikahından daha iki övladı olan Nazim şəhər restoranlarından birində baş aşpaz kimi çalışır: "Övladlarımın atası işsiz deyil. Binəqədidə yaşayır. Ayrıca evi və avtomobili də var. Övladıma bir dərman alınmasına belə qayınatam icazə vermirdi. Deyirdi, oğlumun pulu hədər gedir".

 

Sevinc anasının köməyi olmadan hərəkət edə bilmir. Buna görə də Pərvanə xanım işləyə bilmir. Hazırda o, Sabunçu rayonunda övladları ilə birgə yaşayır. Ailənin maddi durumu olduqca ağırdır. Sevincin müalicəyə getməsi üçün yol pulu tapmayan gənc ananın köməyə ehtiyacı var.

 

Artıq Pərvanə Əliyevanın adına "Kapital Bank"ın Bakıxanov filialında hesab nömrəsi də açılıb.

 

KOD- 20 02 19

VÖEN -99 000036 11

PƏRVANƏ ƏLİYEVA NURƏDDİN QIZI

KART HESABI -38810944004389403121 

 

Yardımınızı əsirgəməyin! 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı