Polis rəisi: "Narkomaniyanın müalicəsi yoxdur"

Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 74 saylı məktəbdə "Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər" mövzusunda tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniya qarşı mübarizə dair 2013-2018 illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin  təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, orta məktəb şagirdlərinin və yerli icra hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə baş tutub.

 

Əvvəlcə şagirdlərə video-çarx nümayiş olunub. Tədbiri Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd əsasən gənclər və yeniyetmələr arasında maarifləndirmə və təbliğat işinin aparılması, onların gələcəkdə bu bəlalara düçar olmamasıdır: "Narkomaniyanın yaş həddi yoxdur. Onun müalicəsi də yoxdur. Tək-tük, bir-iki insan var ki, dövlətimizin sayəsində qapalı müəssisələrdə müalicə alırlar. Bununla da üç-beş il onların həyatını uzadırıq, başqa heç nə etmirik".   

 

Həkim-narkoloq Qalib Məmmədov da analoji fikirlər səsləndirib: "Bir dəfə etməklə insanın ən vacib orqanı olan beyin olur xəstə. Mən 15 ildir işləyirəm, gördüyüm isə budur ki, narkomanlar qaranlıq otaqda qara pişik axtarırlar və ölənə kimi də onu tapa bilmirlər".

 

Digər natiqlər qeyd ediblər ki, narkomaniya və narkobiznes təkcə insanların salamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur, dünyada münaqişə və müharibə ocaqları yaradır.

 

Tədbir şagirdlərin sorğu-sualları ilə davam edib.

 

 

Müəllif | Apa.Tv