Səfir: "İraqdakı azərbaycanlı uşaqlarla bağlı Azərbaycan hökuməti ilə iş aparılır"
İraqın Azərbaycandakı səfirliyində İraq hökumətinin Kərkük vilayətində nəzarəti bərqərar etməsi ilə bağlı tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə İraqın Azərbaycandakı diasporunun nümayəndələri və iraqlı tələbələr iştirak edib.
İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli bildirib ki, tədbirin məqsədi İraqın birliyinə olan dəstəyi göstərməkdir: “Burada İraqda yaşayan bütün millətlərin nümayəndələri iştirak edir. Onlar da bütöv İraqa dəstək verirlər. İraq federal hökumətinin Kərkük üzərində hakimiyyətini bərpa etməsi digər ərazilərimizin də azad edilməsinə təkan olub və İraq əsgərlərinin digər ərazilərə hərəkətinə imkan yaradıb”.
Diplomat İraqda saxlanılan azərbaycanlı uşaqlardan birinin Azərbaycana gətirilməsi məsələsinə toxunaraq, azyaşlının Azərbaycanın hakimiyyət orqanlarına təhvil verildiyini qeyd edib: “Digərləri ilə bağlı məsələ isə təhlükəsizlik məsələsidir və heç nə deyə bilmərəm. İraq hökuməti bu sahədə Azərbaycanla iş aparır”.
Qeyd edək ki, bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.