Mehriban Xanlarova: “Bir daha “Maşın Şou”da iştirak etməyəcəm”
Bu, onun “Maşın” realiti şousunda dördüncü iştirakı idi. APA TV-nin məlumatına görə, söhbət hər zaman oyunu ilə diqqət cəlb edən, taktikaları ilə bir çox iştirakçıları təəccübləndirən, 15 mövsüm davam edən şouda ən güclü rəqiblərdən biri hesab olunan əməkdar artist Mehriban Xanlarovadan gedir: “İstəyirdim ki, qadın birliyi olsun. Sona yaxın sürüşmələr oldu. Maşınsız qaldım”.
O, nə qədər təcrübəli iştirakçı olsa da, sonuncu cəhdi də boşa çıxdı: “Əjdaha axıra qədər vuruşdu. Mən hələ dedim ki, “mən akulayam”. Dedilər ki, niyə akula? Dedim ki, akula lazım olsa, gəmini də udar. İstəsəydim, maşının ətrafındakıları udardım. Mən orada tamaşaçımın gücünə dayanmışdım. Sonuncu dəfə isə tamaşaçılardan səs istəməyə utandım. Məni sevən tamaşaçılarıma dərin təşəkkürümü bildirirəm. Sağ olsun, düşmənlərim “Getsin”ə səs verdilər. Kimin sponsoru varsa, Allah canlarını sağ eləsin. Amma mənim nə sponsorum, nə də dayım var idi”.
Əməkdar artist bir daha “Maşın Şou”da iştirak etməyəcəyini bəyan edib: “Maşın Şou”da bir daha iştirak etməyəcəyəm. Səmimi desəm, əvvəl yaxşı olurlar, sonra isə dəyişirlər. İstəmirəm küsülülük olsun. İstəyirəm, mehriban olum. Söz-söhbətlər olmasın”.
Mehriban Xanlarova APA TV-yə özəl açıqlamasında şoudakı favoritlərinin də adını çəkib: “Vüsalə ilə Xatun favoritim idi. Amma Vüsalənin səhhətində problem oldu. Bilirdim ki, dayana bilməyəcək. Amma Xatun güclü xanımdır. Eşitmişəm ki, qalib Talıbdır. Sağlıqla sürsün. Qismət Talıbın imiş. Allah mənə nə vaxt qismət eləsə, onda da sürərəm. Bilin ki, dəli Mehriban “Zapı” da sürər. Utanan deyiləm”.