Uşaq evə basqın edən şəxsin maskasını çıxartdı - HACIQABULDA QƏRİBƏ HADİSƏ

Bir neçə gün əvvəl Hacıqabul rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın olub. Lakin naməlum şəxslər niyyətlərini sona kimi həyata keçirə bilməyiblər.

 

APA TV-nin xəbərinə görə, buna ev sahibinin azyaşlı nəvəsinin dəstə üzvlərindən birinin üzündə olan maskanı çıxarması səbəb olub. Bunu görən Yusif Abasov tanınacağından qorxaraq Şamxal Şirinovla birgə evdən qaçaraq hadisə yerindən uzaqlaşıb.

 

Hacıqabul RPŞ-nin müstəntiqi Babək İbrahimbəylinin sözlərinə görə, araşdırma zamanı qeyd edilən evə basqın etməyi zərərçəkənlərin qonşuluğunda yaşayan Yusif Abasovun təklif etdiyi məlum olub.

 

Planı qurduqdan sonra bu şəxslər əvvəlcə maska, əlcək və bıçaq alıblar. Hər iki maskanın gözlükləri açılıb və onlar nəzərdə tutduqları evə gəliblər. Əvvəl ev sahibi Qızqayıd Vəliyevanı həyətdə tutub, qışqırmasın deyə ağzını bağlayıblar. Daha sonra pilləkənlərlə yuxarı qalxan Yusif uşağı tutmaq istəyəndə qəflətən üzündəki maska çıxıb: "Maskanı üzümdən kimsə çıxartdı, tez çıxıb getdik. Paltarlarımızı yandırdıq".   

 

Saxlanılan Şamxal Şirinov da cinayətini etiraf edib: "Bıçaq, maska, əlcək götürmüşdük. Evin yerini, pulun olduğunu demişdi. Onun maskası çıxdı, gördüm qaçdı, sonra isə mən çıxdım".

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmir.

Müəllif | Apa.Tv