Boşanmaq istəmədi, özünü asdı - AĞSTAFADA İNTİHAR

Ağstafada intihar hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə  alınıb.

 

Kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Ədalət oğlu Nəbiyev yaşadığı evin yaxınlığında ağacdan özünü asaraq intihar edib. Məlumata görə, Elçin Nəbiyev 2014-cü ildə qonşu Xılxına kəndindən Kərimovlar ailəsinin qızı ilə ailə qurub. Lakin bu vaxta kimi övladları olmayıb. Bununla əlaqədar evdə söz-söhbət olduğundan, Elçin bir dəfə özünü mal tövləsində asmaq da istəyib. Lakin ailə üzvlərinin müdaxiləsi onu fikrindən daşındırıb.

 

Elçinin valideynləri onun boşanmasını və yenidən ailə qurmasını istəyiblər. Bakıda tikintidə fəhlə işləyən Elçin ötən gün boşanma ilə əlaqədar rayon məhkəməsinə çağırılıb. Məhkəmə ailəyə fikirləşmək üçün 3 ay vaxt verib. Yaxınlarının bildirdiyinə görə, məhkəmədən evə gələn Elçin valideynlərinə həyat yoldaşını geri gətirəcəyini deyib, valideynlərinin yox cavabından sonra isə özünü asacağını söyləyib.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv