Qaçqınlar bundan sonra ABŞ-a daxil ola biləcək - FƏRMAN İMZALANDI
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. APA TV-nin “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Fərmanda qeyd olunur ki, qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
Bununla belə, fərmanda bir sıra ölkələrdən qaçqınların qəbuluna 90 günlük əlavə məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulub. Administrasiya nümayəndəsi məhdudiyyətlərin adı çəkilməyən 11 ölkəni əhatə edəcəyini bildirib. Həmin ölkələrin vətəndaşları yaxın 3 ay müddətində ABŞ ərazisinə yalnız ayrı-ayrı hallarda buraxılacaq.
Dövlət Departamenti ayrıca yaydığı bəyanatda qeyd edib ki, bütün ölkələrdən qaçqın ailələrinin hər bir üzvü əlavə yoxlama prosedurlarına məruz qalacaq.