İspaniya Senatı Kataloniya rəhbərini müzakirələrə çağırdı: "Qanunla həll edəcəyik"

İspaniya Senatı həftənin cümə günü Kataloniyadakı muxtariyyətin dayandırılması ilə bağlı bir toplantının keçiriləcəyini açıqlayıb. APA TV xəbər verir ki, Kataloniya rəhbəri Karles Puçdemon da konfransda iştirak etməsi üçün dəvət olunub.

Puçdemon bu dəvətə hələlik bir cavab verməsə də, İspaniya hökuməti onun Madridə gəlməsinin problemin həlli baxımından müsbət bir addım ola biləcəyini düşünür.

"Senatda Puçdemonu görməkdən çox məmnun olarıq. Biz tələb etdikləri müstəqillik çağırışlarına hörmətlə yanaşırıq və bu istəklərini qanunvericilik çərçivəsində həll etməyə çalışacağıq", - deyə Senatın vitse-spikeri Karlo Sans bildirib.

Digər tərəfdən, Kataloniya hökumətinin sözçüsü Jordi Turul 155-ci maddəni əsas gətirərək, muxtariyyətin ləğvi qərarını Konstitusiya Məhkəməsinə və hətta beynəlxalq məhkəmələrə qədər aparmağa hazır olduqlarını söyləyib.

"Bütün bunlardan yorulduq. Çünki bizə qarşı haqsızlıq edirlər. Nə dərəcədə irəli getmək istədiyimizi göstərib, əlimizdən gələni edəcəyik. Həm də ədalətin bərpası üçün beynəlxalq məhkəmələrə müraciət edəcəyik", - J.Turul belə deyib.

Eyni zamanda Kataloniya siyasətçilərinin Senatdakı konfransda erkən yerli seçki qərarı ilə bağlı izahat vermələri gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv