Səudiyyəli nazir açıqlama verdi, neftin qiyməti 58 dolları keçdi

Səudiyyə Ərəbistanı neft ehtiyatlarının həcmini son beş ilin orta səviyyəsinə kimi azaltmaq barədə öhdəliyə sadiq olduğunu bəyan edib.

 

APA TV-nin xəbərinə görə, ölkənin energetika naziri deyib ki, qlobal neft paktında iştirak edən ölkələr kommersiya ehtiyatlarını azaltmaq barədə yekdil rəyə sahibdir.

 

Bu açıqlama neftin qiymətinin bahalaşmasına səbəb olub. OPEK+ formatında razılaşmanın müddəti bitdikdən sonra iştirakçı ölkələrin sürətlə hasilatı artıracağı ehtimalı həmişə yüksək olub, bu açıqlamadan sonra isə ehtimal zəifləyib. Açıqlamadan sonra birjalarda “Brent” markalı neftin bir bareli 58,34 dollardan satılıb, Qərbi Texas nefti isə 52,34 dollara təklif olunur. İki marka arasında fərq dünənə kimi 5 dollara qədər enmişdisə, açıqlamadan sonra yenidən 6 dollara bərabər olub.

 

Neftin bahalaşmasını ləngidən amillər də qalmaqdadır. İraqın şimalından Ceyhan limanına daşınan sutkalıq neftin həcmi 600 min bareldən 200 min barelədək ensə də, dünən bu rəqəmin yenidən 300 min barelədək artdığı bildirilib. Bazara yeni həcmdə neft partiyasının daxil olması qiymətlərin bahalaşmasını ləngidir.

 

Bu axşam ABŞ Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair ənənəvi həftəlik hesabatı açıqlayacaq. Amerika Neft İnstitutu isə artıq müvafiq hesabatı açıqlayıb. Proqnoz xarakterli bu hesabata əsasən, ötən həftə ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 519 min barel artıb, benzin ehtiyatları isə 5,73 milyon barel azalıb. Bu gözlənilməz rəqəmlərin doğru olub-olmadığı bugünkü rəsmi hesabatdan məlum olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı