Lənkəranda bir quyu var, içməyə isti suyu var... - REPORTAJ
Lənkəranın Səpnəkəran kəndində bir su quyusu var. APA TV-nin cənub bürosunun məlumatına görə, 8 metr dərinliyində olan su quyusunu kənd sakini Məmmədağa Əliyev 1999-cu ildə qazdırıb.
Kənd camaatının yarısı sərinliyinə və dadına görə bu quyunun suyundan istifadə edirmiş. Amma bu ilin bir avqust səhərində quyudan qaynar su axdığını görüblər: "18 il ən sərin su bu həyətdə olub. Bütün qonşular yayda suyu burdan aparıb. Avqust ayında durub görüblər ki, su qaynayır. Ağaca verdilər, ağac yandı. Bu su indi ancaq çimməyə, qab və paltar yumağa gedir".
İndi quyuda nasos işləyəndə suyun səviyyəsi aşağı düşdükcə, su tam qaynamağa başlayır, suyun temperaturu 50 dərəcəni ötür. O gündən bu günə ev sahibləri quyudan istifadə edə bilmirlər. Onların sözlərinə görə, suyun tamı da dəyişib: "Çay qoymağa, yemək bişirməyə istifadə edə bilmirəm, dadı yoxdur. Bəzən görürsən buxar çıxır, şlanq isti olur, əl vurmaq olmur".
"Dərəcəsi 50-dən çoxdur, şlanqa əl vurmaq olmur. Ona görə çiməndə soyuq su vurub çimmək lazımdır".
Əslində belə hal sakinləri narahat etsə də, onların büdcəsinə müsbət təsir göstərir. Hazırda mavi yanacağa və elektrik enerjisinə 50 faiz qənaət edirlər.
Mütəxəssislər isə deyir ki, bu hadisənin əsas səbəbi yerin dərinliyində süxurlarda kimyəvi və biokimyəvi ekzotermik proseslərin baş verməsidir. Lənkəran Dövlət Universitetinin kimya müəllimi Sevda Bağırovanın sözlərinə görə, bu proseslər nəticəsində çoxlu miqdarda istilik ayrılır, ayrılmış istilik hesabına qızmış su məhlullar ilə süxurlar arasında aktiv kimyəvi mübadilə reaksiyaları gedir. Bu zaman ayrılan istilik öz növbəsində torpağa və süxurlara hopmuş su kütləsinin qızmasına gətirib çıxarır. Bu səbəbdən yerin sətinə çıxan su kütləsi isti olur: "1964-70-ci illərdə Masallı, Lənkəran və Astara rayonlarında termal suları ilə bağlı geoloji kəşfiyyat işləri aparılıb. Həmin ərazilərdə 17 quyu qazılıb, 38-64 dərəcə temperaturda termal sular aşkar edilib".
Qeyd edək ki, bu cür termal sular məişətdə, istehsalatda, mənzillərin, iş yerlərinin qızdırılmasında, müalicə mərkəzlərinin işində, istilik stansiyalarında elektrik enerjisinin alınmasında istifadə olunur.