Orta məktəblər istilik sistemi problemi - REPORTAJ

“Bu uşaqların hamısı xəstələnəcəklər”. Səbəbi isə məlumdur. Bölgələrdə hava soyuqdur və həmişə olduğu kimi, məktəblərin bir çoxu istilik sistemi ilə təchiz olunmayıb. Yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərdə qazanxanaların işləməməyi təhsil ocaqlarında tədrisin keyfiyyətinə təsir edir. APA TV-nin məlumatına görə, Ağdamın Alıbəyli kəndində şəhid Əhməd Abdullayevin adını daşıyan orta məktəbdə istilik problemi həll edilmədiyindən şagirdlər dərsdə üst geyimində oturmaq məcburiyyətində qalırlar. Valideynlər deyirlər ki, vəziyyət belə davam edərsə, uşaqları dərsə göndərməyəcəklər.

 

Kənd sakini Cahid Quliyev də yaranmış vəziyyətdən narazı olduğunu deyib: “Əgər 3-5 günə qazı çəkməsələr, uşaqları məktəbə göndərməyəcəyik”.

 

Əslində məktəbin qazanxanası var, lakin bu qazanxana hələ əsas qaz kəmərinə qoşulmayıb.

 

Məktəbin direktoru İsgəndər Quliyev də bu faktı təsdiqləyib: “Məktəbimiz əsaslı təmir olunub, istilik sistemi çəkilib, qazanxana tikilib”.

 

Xaçmaz rayon məktəblərində də vəziyyət eynidir. Rayonun Yergüc kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri də məktəbin soyuq olmasından şikayət ediblər:

 

“Gördüyünüz kimi, uşaqlar dərsdə gödəkcə ilə, papaqla otururlar. Valideynlər özləri soba alır, sinfin pərdəsini, karnizini alır”.

 

“Şərait çox pisdir. İstilik sistemi yoxdur, pəncərələr köhnədir. Valideynlər sobanı da, odunu da özləri gətirirlər. Bir az odun verirlər, amma bununla bitmir. Özümüz elektrik sobası alırıq”.

 

Lakin məktəbin direktoru Bilal Hacıyev odun sarıdan problem olmadığını deyib. Onun sözlərinə görə, kifayət qədər odun tədarük olunub: “Bu il 4 maşın odun almışıq. Elə bu gün də fəhlələr odun tədarükü üçün  sahəyə gediblər. Hələ 3 maşın da odun veriləcək”.

 

Hər iki rayonun Təhsil Şöbəsindən bildirilib ki, məktəb qazanxanasının işə düşməsi üçün müvafiq sənədlərin hazırlanmasına ehtiyac var. Artıq bölgələrdə havanın  şaxtalı keçdiyini nəzərə alsaq, yəqin ki, təhsil şöbəsinin müvafiq sənədləri bu tədris ilinə çatmayacaq.

 

Məsələ ilə bağlı APA TV-nin sualını cavablandıran təhsil naziri Mikayıl Cabbarov Bakı məktəblərində istilik sistemi ilə təchizatı istiqamətində müvafiq hazırlıq işləri görüldüyünü deyib. O əlavə edib ki, bir sıra məktəblərdə bu işlər başa çatdırılsa da, digərlərində hələ davam etdirilir.

 

“Bölgələrdə məktəblərin istilik təchizatı məsələsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və keçirilməlidir. Bəzi region məktəblərində odun pulunun yığılmasına gəldikdə isə, region məktəblərində şagirdlərdən bu məqsədlə hansısa vəsait yığılırsa, əgər belə fakt varsa, bununla bağlı Təhsil Nazirliyinə konkret faktlarla müraciət edilsin”.

 

Nazir əlavə edib ki, əgər məlumat təsdiqlənsə, lazımi tədbir görüləcək.

 

Müəllif | Apa.Tv