Bərzani təslim oldu: "REFERENDUM"UN NƏTİCƏLƏRİ DONDURULUR
İraqın kürd muxtariyyəti rəhbərliyi "referendum"un nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən "referendum"un nəticələrini dondurmağa hazır olduğunu açıqlayıb. Bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub.
"Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması; 2) Kürd muxtariyyətində keçirilmiş "referendum"un nəticələrinin dondurulması; 3) Konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində "müstəqillik referendum"u keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad "referendum"u qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda peşmərgəyə qarşı hərbi əməliyyata başlayıb.