Meral Akşenerin “İyi Parti”sində kimlər var? - TANINMIŞ SİMALAR

Meral Akşenerin qurduğu yeni partiyanın adı və təsisçiləri məlum olub. APA TV-nin məlumatına görə, “İyi Parti” adı ilə siyasət həyatına başlayacaq partiyanın təsisçi üzvləri sırasında çoxlu sayda tanınmış şəxs yer alıb.

 

Təsisçilər arasında Nəcməddin Ərbakanın yaxın adamlarından biri, AKP-nin Şişli bələdiyyə sədri postuna namizədi Mukadder Başəyməz, illərlə Bülənt Ecevitlə birlikdə siyasətlə məşğul olmuş sabiq nazirlər Suat Çağlayan və Aydın Tümən də var. Sabiq nazirlərdən ANAP-lı Əhəd Əndican, DYP-li Ayfer Yılmaz da “İyi Parti”nin üzvləri sırasındadır. AKP-dən sabiq Ankara millət vəkili Ersönməz Yarbay və sabiq Bingöl millət vəkili Kazım Ataoğlu, “Ergenekon işi” üzrə həbs olunmuş jurnalistlər Vedat Yerener, Ruhat Mengi və Əhməd Çelik də Akşenerin yanında olacaqlar.

 

Kazinolar kralı Fəxrəddin Aslanın oğlu Mehmet Aslan, solçu rejissor Onur Aydın, istefada olan general-polkovnik Əli Lapanta, “Yörük Əli Paşa” ləqəbi ilə tanınan general Əli Aydın, “Balyoz işi” üzrə həbs olunmuş Kardağ qəhrəmanı Əli Türkşən də “İyi Parti”də təmsil olunacaqlar.

 

Partiyanın təsisçiləri arasında MHP kökənli siyasətçilər də çoxluq təşkil edir. Türkiyə Mərkəz Bankının sabiq rəhbəri Durmuş Yılmaz, Dövlət Baxçalının sabiq aparat rəhbəri Ömər Karakaş, Aşıq Veysəlin nəvəsi Çigdem Özər, sabiq millət vəkilləri Yusuf Halaçoğlu, Ümit Özdağ, Özcan Yeniçəri, Nuri Okutan, İsmail Ok, Koray Aydın, Lütfi Türkkan, Müsavat Dervişoğlu, Şenol Bal və digərləri, partiyada təmsil olunacaqlar.

 

“İyi Parti”nin təsisçiləri sırasında sabiq CHP millət vəkili, 15 iyul hərbi çevriliş cəhdini araşdıran parlament komissiyasının üzvü Aytun Çıray da var. Bundan başqa Türkiyənin Almaniyada və BMT-də sabiq səfiri Tuqay Uluçevik də yeni partiyanın təsisçilərindən biridir. Partiyanın təsis qurultayı 29 oktyabr tarixinə təyin olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı