Şəmsəddin Hacıyev istintaqa çağırılıbmı? - RƏSMİ AÇIQLAMA

“Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir”.

 

APA TV-nin xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

 

İdarə rəisi bildirib ki, hansı vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istintaqın nəticələrindən asılıdır, bu barədə obyektiv qərar qəbul ediləcək. 

 

Baş prokurorun müavini “ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyev istintaqa çağırılıbmı?” sualına cavab olaraq deyib ki, konkret olaraq hansı şəxslərin istintaq zamanı dindirilməsi barədə məlumat vermək iqtidarında deyil: “Gəlin hadisələri qabaqlamayaq, hazırda istintaq gedir. İstintaq zamanı təkcə dindirmələr olmur. Müvafiq olaraq istintaq çərçivəsində bəzi rəqəmləri dəqiqləşdirmək üçün yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi ilə də bağlı istintaq hərəkətləri aparılır" Sitatın sonu.

 

Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilib. Tədbir Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.

Müəllif | Apa.Tv
Apa.tv