Cəbhə xəttində monitorinq - İNSİDENT OLMADI
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, qoşunların təmas xəttinin Füzuli istiqamətində növbəti monitorinq keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx bu gün səhər Füzuli Rayon İcra Hakimiyyətinə gələrək, icra başçısı Alı Alıyevlə görüşüb.
Görüşdə cəbhə xəttinin Füzuli istiqamətində əhalinin vəziyyəti müzakirə olunub. Alı Alıyev ATƏT nümayəndələrinə bildirib ki, qoşunların təmas xəttinin Füzuli istiqamətində sonuncu dəfə sentyabrın 12-də keçirilən monitorinqdən bu günədək ermənilər bəzi vaxtlarda snayper, iriçaplı pulemyot və minaatanlardan istifadə edərək, atəşkəs rejimini 352 dəfə pozub və yaşayış məntəqələrini də atəşə tutub. Əsasən Alxanlı, Aşağı Əbdürrəhmanlı, Horadiz, Cocuq Mərcanlı və Qazaxlar yaşayış məntəqələri düşmənin hədəfinə çevrilib.
Görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmaq üçün Füzuli rayonunun Horadiz kəndi istiqamətinə yollanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçiriblər.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, monitorinq insidentsiz başa çatıb.