Aydın Əliyev: "Azərbaycanı Türkiyədən pomidor idxalını artırmaqda ittiham edirdilər"

"Gömrük dərəcələrinin aşağı salınması aktual məsələlərdən biridir. Üçpilləli sistemə keçidlə bağlı təkliflər var. Müxtəlif nazirliklər kimi, biz də bu təklifləri hazırlayıb hökumətə təklif etmişik. Son qərarı hökumət verəcək".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

 

Onun sözlərinə görə, ölkəyə idxal edilən xammala tətbiq olunan rüsumlara güzəştlər tətbiq oluna bilər: "Bu xammal ölkə daxilində istehsalın artırılması üçün lazımdır. Buna görə bu məsələyə baxıla, müəyyən güzəştlər tətbiq oluna bilər. Ölkədə istehsal olunan mallarla bağlı daxili bazarı genişləndiririk, eyni zamanda ölkəyə valyuta axınının qarşısını alırıq".

 

DGK sədri əlavə edib ki, bəzi aksiz dərəcələrinin artımı da nəzərdən keçirilir, lakin bu, böyük miqdarda olmayacaq: "Aksiz dərəcələrinin artırılması spesifik mallara şamil olunur. Bu isə dəfələrlə ölçülüb-biçilir. Böyük miqdarda aksiz dərəcələrinin artımı nəzərdə tutulmur".

 

Aydın Əliyev internet ticarəti ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, internet ticarəti bu gün təkcə Azərbaycan gömrüyünün yox, dünya gömrüyünün  qarşısında duran ən böyük problemlərdən biridir: "Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu, qeyri-qanuni biznes şəbəkəsinə çevrilən bir şeydir. Azərbaycan gömrük xidmətinin borcu qanunsuz ticarətlə mübarizə aparmaq, yükləri və malları sərhəddən keçirilərkən tələb olunan səviyyədə rəsmiləşdirmək, tələb olunan vergi və rüsumları toplayaraq dövlət büdcəsinə keçirməkdir".

 

Komitə sədri bildirib ki, növbəti il üçün dövlət büdcəsinə komitədən daxilolmaların həcmi 2 milyard 430 milyon manat nəzərdə tutulur.

 

Qeyd edək ki, bu gün "Caspian European Club" çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum təşkil olunub. Aydın Əliyev çıxışında bildirib ki, 2017-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 14 mlrd. dollar təşkil edib və sevindirici haldır ki, ticarət dövriyyəsində 2 mlrd. dollarlıq müsbət saldo yaranıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət çəkən DGK sədri deyib ki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının həcmi kəskin artıb: "2016-cı ilin 9 ayı ərzində meyvə-tərəvəz məhsullarının ixracı 63,75% artıb. Ötən il Rusiyaya pomidor ixracı 100 min ton olubsa, bu ilin 9 ayı ərzində artıq 132 min tonu ötüb. Keçən il Rusiya ilə Türkiyə arasında məlum siyasi gərginlik baş verdi və bundan sonra Rusiyanın dövlət qurumları Azərbaycanı Türkiyədən pomidor idxalını artırmaqda ittiham edirdilər. Rəqəmlərə baxdıqda, bu ittihamların əsassız olduğu məlum olur. Belə ki, ötən il Azərbaycana Türkiyədən 17 min ton pomidor idxal olunubsa, bu il 3500 tondur. Bundan başqa, kartofun ixracında da artım baş verib. Belə ki, ötən il Rusiyaya kartof ixracı 37 min ton olmuşdusa, bu il 57 min tona çatıb. Təkcə qoz və fındıq məhsullarının ixracından ölkəyə 105 mln. dollar vəsait daxil olub".

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda 187 ölkədən olan şirkətlər fəaliyyət göstərir.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova