Azərbaycanlı müğənni: “Ölüm xəbəri gələndə səhnədə idim”

Ara-sıra tanınmış insanların ölüm xəbərləri yayılır. APA TV-nin məlumatına görə, bu, bir neçə halda baş verir.

 

Səhhətində ciddi problem olan tanınmış şəxsin ölüm xəbəri daha tez yayılır. Amma bəzən də elə olur ki, məşhurlar ölüm xəbərini yaymaqla gündəmə gəlməyə çalışır. Bəli, nə qədər təəccüblü olsa da, belə hallar da var. Kimisi bunu bilərəkdən edir, kimisinin də xəbəri olmur.

 

Məsələn, illər öncə müğənni Rahidə Baxışovanın ölüm xəbəri yayılmışdı: “13 il öncə olmuşdu. Çox pis olmuşdum. Çünki mənə çox zənglər gəldi. Bu, yaxşı iş deyildi. Amma yalan xəbər yaymağı bəyənmirəm. Nəyə lazımdır? Gündəmdə qalmaq üçün yalandan xəbər yayırlar. Lazımsızdır”.

 

Müğənni Aysel Əlizadə də ölüm xəbərlərinin qəsdən gündəmə gətirilməsinə qarşıdır: “Onsuz da tənqid dalınca tənqid gəlir, bir dənə tərif edən yoxdur. Amma ölüm xəbəri başqadır. Bir dəfə mənim də yaxınım haqqında belə bir xəbər yayılmışdı. Mən o an səhnədə idim. İllərlə tanıdığım insan idi. Mikrofonu qoyub getmək istədim. Saytların bizim kimi tanımış insanlardan istifadə edərək gündəm yaratması düzgün deyil”.

 

Rəqqasə Fatimə Fətəliyeva da bir dəfə dezinformasiya qurbanına çevrilib: "İnsan istər-istəməz özündən çıxa bilər. Şeytan yoldan çıxara bilər. Amma insanlar müxtəlifdir. İnsanlar çox aqressiv olublar. İnsanlar bir-birini başa düşmürlər. Mən də eləcə. Problemlər bir-birimizə qıcıq yaradıb. Bir şeyi anlamalıyıq ki, həyat fanidir. Bu gün yeyib-içdiyin adam sabah səni vura bilər. Mənim haqqında xəbər yayılmışdı ki, xərçəng xəstəliyinə tutulmuşam. O xəbəri mənim anam görsəydi, necə olardı?"

 

Əməkdar artist Ədalət Şükürov isə jurnalistləri bu tipli xəbərlər yayarkən diqqətli olmağa çağırıb: “Jurnalist informasiyanı alıb, təsdiqini tapandan sonra çatdırmalıdır. O ki, qaldı “mən istəyirəm ki, Rahidə gündəmdə olsun”, bu düzgün deyil. Ölüm xəbərini yaymaq olmaz. Bu insanın yaxınları var. Sükan arxasında ola bilər, iş başında ola bilər. Belə xəbəri eşidən insanın halı dəyişə bilər”.

Müəllif | Apa.Tv
Nigar Həsənli