Balakən sakini: "Mal əti adı altında at ətini satırdım"

Azərbaycanda mənşəyi bəlli olmayan külli miqdarda ət qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb: "Bir müddətdir mal əti adı altında at ətini satıram. Bu dəfə aparıb satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutuldum".

 

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Müəllif | Apa.Tv