Geomaqnit qasırğaları niyə intensivləşib? - AÇIQLAMA

Hazırda Günəşdə baş verən proseslərlə əlaqədar növbəti həyəcanlaşmalar davam edir.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

 

O bildirib ki, yaz və payız fəsillərində geomaqnit qasırğaları intensiv olur: “Hazırda başlanğıcını Günəşdən götürən plazma küləyinin sürəti 600 km/saata çatır. Bu, nisbətən, böyük rəqəmdir. Bu külək dünəndən etibarən Yerətrafı fəzaya çatıb, Yer maqnitosferinin qüvvə xətlərini sıxaraq onu həyəcanlaşdırıb və qasırğa da bu səbəbdən baş verib”.

 

O, həmçinin Günəşin səthində ləkələr müşahidə olunduğunu da bildirib: “Onların sayı hazırda 23-ə bərabərdir. Onlar iki aktiv regionda cəmləşiblər. Bu ləkələrdən hər hansı bir Günəş alışması baş verərsə, Günəş fırlanması səbəbindən effektlər də Yerə birbaşa təsir göstərəcək. Lakin dünən və bu gün baş verən geomaqnit qasırğasının səbəbi Günəşin səthində formalaşan növbəti tac dəliyi ilə əlaqədardır. Kifayət qədər böyükdür. Plazma küləyi başlanğıcını məhz bu tac dəliyindən götürür”.   

 

Elçin Babayev vurğulayıb ki, çox zaman KİV-də şimal ölkələri üçün nəzərdən tutulan proqnozları Azərbaycana da aid edirlər. Lakin orada baş verən geomaqnit qasırğalarının təsiri bizə zəifləmiş şəkildə gəlir. Bu da daha çox texnoloji sistemlərə və bioloji varlıqlara təsir edir: “Bu qasırğaların insanlara təsir kateqoriyasını ayırmaq lazımdır. Nisbətən sağlam insanlarda bu, özünü tamam başqa cür göstərir və onlarda gümrahlıq effekti yaradır. Lakin xroniki xəstələrə, xüsusilə ürək qan-damar sisteminin xəstəliklərinə məruz qalan insanlarda artmış diskomfort halında özünü büruzə verir. Müəyyən hallarda yaşlı və azyaşlılarda diskomfort hallarına da rast gəlmək mümkündür. Bunlar təşvişə səbəb olmamalıdır. Çünki insan kosmik havanın bu cür şıltaqlığına adaptasiya olunub. Proseslərdən qorunmaq üçün istirahət lazımdır. Həmin vaxt psixoloji və fiziki yüklənməni azaltmaq məsləhətlidir. Yataq rejimi bu narahatlığın xilas yolu deyil. Sadəcə, baş qatmaq lazımdır. Risk qrupuna daxil olan insanlar mütləq öz həkimləri ilə məsləhətləşib qabaqlayıcı tədbirlər görməlidir”.

Müəllif | Apa.Tv
Nigar Həsənli