Canavarlar Şəkinin iki kəndinə hücum etdi
Canavarlar Şəkinin iki kəndinə hücum edərək ümumilikdə 9 baş qoyunu parçalayıb, 6-nı yaralayıblar.
APA TV-nin məlumatına görə, hadisə oktyabrın 24-dən 25-ə keçən gecə rayonun Çeşməli və Öryət kəndlərində baş verib.
Çeşməli kənd sakini Oruc Məmmədovun təsərrüfatına hücum edən canavar onun bütün qoyunlarını parçalayıb. Təsərrüfat sahibinin sözlərinə görə, qoyunlardan 7-si bir neçə gün sonra bala verəcəkdi.
Çeşməli kəndindən bir neçə kilometr məsafədə yerləşən Öryət kəndində isə Xudaverdi İsmayılov və Sakit Şahmərdanovun təsərrüfatına soxulan canavarlar 1 baş qoyunu parçalayıb, 6 qoyunu isə yaralayıb. Hadisələrin eyni saatda baş verməsi və kəndlər arasında məsafənin 5 kilometrdən artıq olması canavar sürülərinin birdən çox olmasını düşünməyə əsas verir.
Şəki rayon Baytarlıq İdarəsi tərəfindən hər iki kəndə baxış keçirilib, ərazilər dezinfeksiya olunub və tələf olmuş qoyunlar dərin quyu qazılaraq basdırılıb.
Yaralı halda olan 6 baş qoyunun yaraları baytar həkimlər tərəfindən dezinfeksiya edilib və hazırda həmin qoyunlar da nəzarətdə saxlanılır.