Masallıda MÜƏMMALI YANĞIN: ikimərtəbəli ev külə döndü

Masallıda yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şıxlar kənd sakini Südeyf Şərif oğlu Şükürova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kv.m olan ev içərisindəki məişət əşyaları və avadanlıqlar yanaraq, yararsız vəziyyətə düşüb. 

 

Yanğın baş verən zaman evdə heç kim olmayıb. Dörd nəfərlik ailə üzvlərinin uzun müddətdən bəri Rusiya Federasiyasında yaşadıqları bildirilir. Kənd sakinləri və ev sahibinin yaxınları evin hər hansı bir səbəbdən deyil, qarət olunaraq, izi itirmək məqsədilə yandırıldığını iddia edirlər. Onların sözlərinə görə, yanğın baş verən zaman güclü küləyin əsməsi səbəbindən kəndə elektrik enerjisinin nəqli dayandırılıb. Ev sahibinin qohumları bu qənaətdədirlər ki, ev əvvəlcə qarət edilib, daha sonra izi itirmək məqsədilə od vurularaq yandırılıb.

 

İndi kənd sakinlərinin bir tələbi var: yanğın yerinə ekspertlər cəlb olunsun və hadisənin dəqiq başvermə səbəblərinə aydınlıq gətirilsin.

 

Müəllif | Apa.Tv