ABŞ neft idxalını artırır, qiymətlər 59 dollara yaxınlaşır

ABŞ-ın neft ehtiyatlarının həcminin azalması qiymətlərə pozitiv təsir göstərib.

 

APA TV-nin xəbərinə görə, ölkənin Energetika Nazirliyi kommersiya neft ehtiyatlarının ötən həftə 900 min barel azaldığını açıqlayıb. Bununla da ölkənin neft ehtiyatlarının həcmi 457,3 milyon barelə enib. Bundan əvvəlki həftə ABŞ-ın kommersiya neft ehtiyatları 5,7 milyon barel azalmışdı.

 

Ölkə ötən həftə xaricdən 8,1 milyon barel əlavə neft alıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 640 min barel artıqdır. Bu rəqəmlər neftin qiymətini bahalaşdırıb. Hazırda “Brent” markalı neftin bir bareli 58,48 dollardan satılır, Qərbi Texas nefti isə 52,09 dollara təklif olunur. İki marka arasında qiymət fərqi yenidən 6 dolları keçib.

 

Sabah ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Son beş həftədə buruqların sayında azalma qeydə alınıb, bu da öz növbəsində ABŞ-da hasilat səviyyəsinin azalmasına təsir göstərib. Əgər sabah da analoji proses təkrarlansa, qiymətlərin gələn həftədən 59 dolları keçəcəyini gözləmək olar. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı