Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb

Gəncədə əvvəllər Quru Qobu adlanan indiki Heydər Əliyev Parkı ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, on gündür ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası ərazidəki kurqanlarda arxeoloji qazıntı işlərinə başlayıb.

 

2015-ci ildə Gəncə şəhəri ərazisində qeydiyyata alınan 62 kurqandan 4-ü artıq tədqiqata cəlb edilib. Gəncə şəhərinin şərq hissəsində - Heydər Əliyev Parkında aparılan qazıntı işləri zamanı kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu müəyyənləşdirilib. Arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfərin dəfn edildiyi aşkarlanıb. İnsanların sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində müəyyən edilib: "Biz Gəncə şəhəri ərazisində 2015-ci ildə yerüstü araşdırmalar aparmışıq. O zaman burda kurqanlar aşkar etmişdik. Demək olar ki, son tunc dövrünə aid olan bu kurqanların Xocalı-Gədəbəy mədəniyyətinin nümunələrinə aid olduğu təsbit edilib".

 

Kurqan kameralarından müxtəlif təyinatlı və formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, müxtəlif ölçülü tunc düymələr, tunc və əqiq muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb. Bu nümunələr analoji oxşarları ilə müqayisə əsasında son tunc - ilk dəmir dövrünə aid edilir: "Kurqanların demək olar ki, hər birində bir nəfərin dəfn olunduğu müəyyən edilib. İlkin araşdırmalar nəticəsində bunlar gənc yaşlarında - 28-32 yaşlarında, əksəriyyəti kişilərə aid olan skeletlərdir. Bu kurqanların bir hissəsi Gəncə şəhərinin şərq hissəsindədir. O ərazidə də fərqli mədəniyyətə malik müxtəlif kurqanlar müəyyən etmişik".

 

Ərazidə qazıntı və laborator işlər davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv