"Haşdi Şabi" İbadidən əmr gözləyir - ƏRBİLƏ HÜCUM ÜÇÜN
"Haşdi Şabi"nin Kərkük üzrə komandiri Ali Tahir "İbadi təlimat verərsə, Ərbilə doğru irəliləyərik" deyib.
APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, Kərkük və Altunkörpünü İraq ordusu ilə birlikdə peşmərgədən alan türkmən hərbçi Bağdad hökumətinin 2003-cü il sərhədlərinə qayıtmaq istədiyini və bununla bağlı müzakirələr getdiyini bildirib.
Ali Tahirin sözlərinə görə, hazırda Kərkük şəhərinin daxilində "Haşdi Şabi"yə aid birlik yoxdur. İraq ordusu və "Haşdi Şabi" şəhərin ətrafında cəmləşib. Kərkükün daxilində asayişi isə polis qüvvələri və terrorla mübarizə qrupları qoruyur.
"Altunkörpünü 4 saata aldıq. Kərkükdə olduğu kimi, peşmərgə ilə yarım saatlıq döyüş oldu. Onlar geri çəkildi, biz qəsəbəyə girdik" - deyən "Haşdi Şabi" komandiri qruplaşmanı şiələrin yaratdığını, ancaq indi şiə və sünni ərəblərin, türkmən və kürdlərin birliyə üzv olduğunu bildirib.
Ali Tahir Kərkükdə əvvəl kürdlərin 90 faiz vəzifələri ələ keçirdiyini, hazırda ortaq bir idarəçilik yaradılması üçün danışıqlar aparılmasının vacibliyini vurğulayıb: "İndi ərəb, kürd, türkmən və xristianlar bərabər təmsil olunacaq. Bizim ərəb, kürd, sünni qardaşlarımız var. Onlarla qardaşcasına yaşayırıq. Məsələn, mən türkmənəm. "Haşdi Şabi"də digərləri hansı vəziyyətdədirsə, biz də o vəziyyətdəyik".
Ali Tahir kürdlər yaşayan bölgələrdə İŞİD-ə qarşı əsasən İraq ordusunun vuruşduğunu bildirib: "Kərkükə girəndə şəhərdən qaçan kürdləri geri qayıtmaları üçün inandırdıq. Şəhərə girdiyimiz ilk günlərdə bizə hücumlar oldu. Ancaq indi vəziyyət normaldır".
Türkmən hərbçi "Haşdi Şabi"nin kürdlərlə problemi olmadığını deyib. "Bizim məqsədimiz qanunsuz hərəkət edənlərlə mübarizədir. Kərkükdə PKK var idi. PKK-nın nə işi var idi Kərkükdə? Peşmərgə də İŞİD-ə qarşı bizimlə birgə vuruşub, şəhidlər verib. Kürd bayrağı da bir bayraqdır. Türkmənlərin və digər partiyaların da bayraqları var. Ancaq hökumətə aid dairələr və qurumlarda, sadəcə, İraq bayrağı asılacaq".