Qubada qohumlarının evini yaran şəxs ələ keçdi
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qorxmazoba kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mürsəlovu saxlayıblar.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, S.Mürsəlov sahiblərinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartını oğurladığını etiraf edib: "Hamısı qohum-əqrəbanın evi idi. Qapı açıq olduğu üçün gedib götürürdüm. Oğurladığım zinət əşyalarını evin zirzəmisində gizlədirdim. Əməlimdən peşmanam".
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 2 mobil telefon oğurladığı da müəyyən edilib.
Oğurlanan qızıl-zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar S.Mürsəlovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.