Lənkəranda qutan quşu tutuldu
Lənkəranda yerə enən qutan quşu sakinlər tərəfindən tutulub. APA TV-nin cənub bürosunun məlumatına görə, xəstə olduğu ehtimal edilən quş aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.
Qutan quşunu bu gün səhər Lənkəranın Separadi kənd sakini Əsgər Ağayev aşkarlayıb. O, taxıl sahəsində quşun uça bilmədiyini görərək onu bağlayıb: "Səhər namaza durmuşdum, malları buraxandan sonra çıxdım sahəyə. Gördüm bir quş görünür. Yaxınlaşdım, gördüm qutan quşudur. Həmin quş indi nə səbəbdənsə havadan yerə düşüb. Onu deyə bilmərəm təsadüfdür, ya yox. Burada belə bir quş olmur".
Hər qanadının uzunluğu 1,5 metrə yaxın olan quş, ilkin ehtimala görə, xəstələnərək kənd ərazisinə enib. Əsgər dayı onun azyaşlılar üçün təhlükəli ola biləcəyini güman edərək bağlayıb/
Separadi kənd sakini Niyaməddin Məmmədov dərhal rəsmi qurumlara məlumat verdiklərini bildirib: "Ona görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı nümayəndəsinə məlumat verdik ki, belə bir quş gəlib qonub, xahiş edirəm tədbir görəsiniz, aparıb həkim nəzarətindən keçirəsiniz. Bəlkə bir xəstəlikdən gəlib oturub".
Çox keçməmiş əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri gəlib. Onların köməyi ilə qutan quşu ərazidən götürülüb və müayinə olunmaq üçün aparılıb. Onların sözlərinə görə, quş müayinə və müalicə olunduqdan sonra yenidən təbiətə qaytarılacaq.
Qeyd edək ki, qutan nadir və sayı azalmaqda olan quşdur. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdı. Quşun əsas qida yemi balıqdır. Qış mövsümündə ona Xəzərdə və böyük su hövzələrində, o cümlədən Mingəçevir və Naxçıvandakı iri su anbarlarında rast gəlinir.