Toyda oxunan mahnılara görə müəlliflər qonorar alacaq - YENİ QAYDALAR

Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorar veriləcək.

 

APA TV-nin xəbərinə görə, bu məkanlarda musiqilərin ifasına görə qonorarı ifaçılar deyil, obyekt sahibləri ödəyəcək.

 

Müəllif Hüquqları Agentliyin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev deyir ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyyən dəyişikliklər edilib. Qərara əsasən, qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılacaq. Mülkiyyətçilər ay ərzində obyektdə səsləndirilən musiqili əsərlərin repertuarını da kollektiv idarəetmə təşkilatına təqdim etməlidirlər: "Bir ay ərzində şadlıq evi hər toy mərasimi üçün Bakı, Gəncə, Sumqayıt şəhərləri üzrə 25 manat pul ödəməlidir. Toyda istəyir 50 dənə mahnı oxusunlar, bir toy üçün 25 manat ödənilməlidir".

 

Əgər bir restoranda, məsələn, 50 mahnıdan ibarət repertuardan istifadə edilibsə, qonorarın məbləği həmin mahnıların müəllifləri arasında bərabər bölünəcək: "Ola bilər, orda 30 mahnı ifa olunub, bu məbləğ 30 müəllif arasında bölünəcək. Bəzərə alsaq ki bu cür obyektlərin sayları yüzlərlədir, həmin kiçik məbləği yüzə, minə vurun, onda görün ki, müəllif nə qədər pul ala biləcək".

 

Toy mərasimləri istisna olmaqla, digər ictimai yerlərdə musiqili əsərlərindən istər ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində istifadəyə görə bir ay üçün müəllif qonorarı ödəniləcək. Bununla yanaşı, obyekt sahibləri repertuar da təqdim etməlidirlər: "Restoranlarda, şadlıq evlərində, klublarda, barlarda bütün günü musiqi səslənir. Bu halda isə bir ay ərzində hər obyekt tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində 60 manat, digər bölgələrdə 50 manat ödənilməlidir".

 

Natiq İsayev bildirib ki, obyektlər icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödəniləcəyi göstərilməlidir.

Müəllif | Apa.Tv