FHN əməkdaşları arasında voleybol çempionatı başa çatıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında keçirilən voleybol çempionatı bu gün başa çatıb.
APA TV-nin xəbərinə görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 4 günlük yarışda 13 komandanın 160-a yaxın idmançısı gücünü sınayıb.
Çempionatın ilk 3 günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, yarımfinal və final mərhələsi Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin sözlərinə görə, artıq biz 8-ci ildir ki, FHN-in əməkdaşları arasında voleybol üzrə kişilərdən ibarət komandalar yarışda iştirak edir: "Bugünkü yarışımızda da 13 komanda iştirak edir. 4 gündür ki, artıq yarışlar davam edir. Bu yarışlarda da 3-cü yer müəyyənləşib. İndi gördüyünüz bu yarış isə final görüşüdür. Biz FHN-də digər idman növləri üzrə də yarışlar keçiririk. İl ərzində bizim 9 yarışımız olur. Bundan sonrakı yarışımız bizim güləş üzrə olacaq. Məqsədimiz də budur ki, həm sağlam olsunlar, həm də əməkdaşlarımız daxili yarışlarda və beynəlxalq yarışlarda özlərini sınaya bilsinlər".
Turnirin qalibi adını Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası qazanıb. Onlar finalda Dövlət Yanğından Mühafizə Xidmətinin voleybolçularını 3:0 hesabı ilə məğlub ediblər.
Ardıcıl 8-ci dəfə keçirilən çempionatda bürünc medallar Dövlət Yanğın Nəzarəti Xidmətinin idmançılarına qismət olub. Bu komanda 3-cü yer uğrunda görüşdə Mülki Müdafiə Qoşunlarının voleybolçularını 2:0 hesabı ilə məğlub edib.
Çempionatın mükafatlandırma mərasimində çıxış edən FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, yarış gərgin mübarizə şəraitində keçib. Onun sözlərinə görə, oyunların maraqlı alınmasında FHN əməkdaşlarının Azərbaycan millisində oynamasının da rolu az deyil.
FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov mükafatçıları təbrik edərək, onlara növbəti oyunlarda da uğurlar arzulayıb.
İlk 3 yerin sahiblərinə medal və kubokla yanaşı, qiymətli hədiyyələr də verilib.