Həmkəndlilərinin qızıllarını oğurlayıb Azərbaycandan qaçmaq istədi
Zaqatalada həmkəndlisinin evindən külli miqdarda qızıl-zinət əşyalarını oğurlayaraq ölkəni tərk etmək istəyən 21 yaşlı gənc həbs edilib.
DİN mətbuat xidmətinin Şəki regional bölməsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 24-də rayonun Aşağı Tala kənd sakini Asif Hacıyev Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
RPŞ əməkdaşlarının operativliklə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Asif Hacıyevin evindən oğruluq edən şəxsin öz həmkəndlisi, 1996-cı il təvəllüdlü Elxan Tehran oğlu Canımov olduğu məlum olub. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, Elxan Canımov evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyaları oğurlayıb.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd-keçid məntəqəsini keçmək istəyərkən saxlanılıb və Zaqatala RPŞ-yə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı oğurladığı qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib. Elxan Canımovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun həmin kənddə daha iki evdən qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.