Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

Türkiyə və İran Kandil dağındakı PKK-ya qarşı birgə əməliyyat keçirəcək. APA TV-nin məlumatına görə, Türkiyə mətbuatı əməliyyatı Türkiyə və İran ordu birləşmələrinin birgə həyata keçirəcəyini yazıb.

 

Ankara və Tehran İraqın şimalında PKK terrorçularının bu ölkələrin sərhədlərini keçməsinin qarşısını almaq üçün kəşfiyyat məlumatlarını mübadilə edəcəklər. PKK-nın mərkəzi sayılan Kandil dağının yarıdan çoxu İran ərazisində yerləşir. Türkiyə və İranda keçirilən görüşlərdə Ankara qarşı tərəfdən sərhədləri bağlamaq, İrana keçən terrorçuları təslim etmək tələbi qoyub.

 

Tələb yerinə yetiriləcəyi təqdirdə Kandildə iki ölkənin ordu birləşmələri birgə əməliyyata başlayacaq. Kandil əməliyyatı başa çatdıqdan sonra növbəti hədəfin PKK-nın məskunlaşdığı digər mərkəzlərdən Mahmur və Sincar olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov