ADPU-da Türkiyənin Cümhuriyyət günü qeyd olunub
Bakıda türkiyəli və azərbaycanlı tələbələrin iştirakı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 94 illiyinə həsr edilən tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri açıq elan edən ADPU-nun elmi işlər üzrə prorektoru Asəf Zamanov bildirib ki, 29 oktyabr - Cümhuriyyət bayramı bütün türk dünyasında, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıq edir.
Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat isə hər iki ölkənin təhsil əlaqələrinin inkişafını, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Bildirib ki, bu gün Azərbaycanda təhsil alan çoxsaylı türkiyəli tələbələrdən gələcək üçün gözləntilər böyükdür.
Tədbirdə Türkiyənin Azərbaycandakı dini xidmətlər müşaviri Kamil Günəş və digər qonaqlar Cümhuriyyət bayramı ilə bağlı fikirlərini bölüşüblər.