Əfsanəvi futbolçu parkda zibil yığır
“Everton”un hücumçusu Ueyn Runi sərxoş halda avtomobili idarə etdiyi üçün məhkəmə tərəfindən ictimai işlərə cəlb edilib.
APA TV-nin İngiltərə mətbuatına istinadən xəbərinə görə, məhkəmə qərarı qüvvəyə minən kimi ulduz futbolçu qollarını çırmalamaq məcburiyyətində qalıb.
Canlı əfsanə Makklsfilddəki parkların birində oturacaqları rəngləməklə yanaşı, zibil yığırmış. 100 saatlıq ictimai işlərə cəlb olunan Runinin yanına bələdçi də təyin olunub.
İş saatı bitəndən sonra bələdçinin məhkəməyə rəsmi sənəd göndərəcəyi deyilir. Bu arada “Daily Mail” nəşri Runinin çox kefsiz göründüyünü əks etdirən fotoşəkillərini yayıb.
Qəzetin jurnalisti yazıb ki, Runi ictimai işlərə dəyəri 200 min dollar olan “Audi”də gəlib. Onun ayağındakı krossovkanın isə 80 dollar qiyməti var.
Qeyd edək ki, sentyabrda məhkəmənin verdiyi qərara əsasən, Runi 100 saat ictimai işlərə cəlb olunmaqla yanaşı, 2 il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.