Azərbaycanda məcburi tibbi sığortaya nə vaxt keçiləcək?

"Tibbi sığortanın tətbiq olunmamasının obyektiv səbəbləri artıq Azərbaycanda aradan qalxıb".

 

Bunu APA TV-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, ölkə sosial-iqtisadi cəhətdən inkişaf edib: "Ölkədə səhiyyə müəsssələrinin maddi-texniki bazası lazimi səviyyəyə qaldırılıb və bütün ölkə əhalisinə keyfiyyətli tibbi xidmət göstərilə biləcək səhiyyə müəssisələri şəbəkəsi qurulub. Eyni zamanda ölkədə icbari tibbi sığortanı həyata keçirə biləcək sığorta şirkətlərinin inkişaf səviyyəsi normaldır".

 

Musa Quliyev bildirib ki, əmək bazarında əmək qanunvericiliyinə əməl olunur və  işçilərin əmək müqavilələrinin bağlanması həyata keçirilir: "Bu məsələnin bizə uyğun olan ölkələrdəki təcrübəsini öyrənmək və mən hesab edirəm daha çox bizə uyğun olan təcrübə MDB məkanı ölkələrin təcrübəsi olar. Ukraynanın, Gürcüstanın, Moldovanın çox yaxşı təcrübəsi var. Çünki bu ölkələrin hamısında həm səhiyyə, həm də sığorta sistemi bizimki ilə oxşardır".

 

Onun sözlərinə görə, icbari sığortanın ölkə əhalisinin hər birini əhatə etməsi üçün beş ilə yaxın vaxt lazımdır. Vacib qruplar üçün isə gələn ildən tibbi sığortanı həyata keçirmək olar.

Müəllif | Apa.Tv
Almaz Qasımova