Nazir: "Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır"
“Azərbaycanda müəllimlərin əmək haqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb”. APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimində bildirib.
O, son 3 ildə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparıldığını deyib. Bu müddətdə 150 min müəllimin bilik və bacarıqları yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.
Nazir qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı artırılıb, orta aylıq əmək haqqı 465 manat təşkil edib: "Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub və onların əmək haqqı gələn ildən artırılacaq. Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib".
Mikayıl Cabbarov vurğulayıb ki, bu il yüksək bal toplayan tələbələr arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1359 nəfər tələbə müəllimlik ixtisasını seçib.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə 54 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 53 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü”nə layiq görülüb. Bu gün Bakıdakı 20 nömrəli məktəb-liseydə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.