Avstraliya və Qvatemalanın yeni səfirləri fəaliyyətə başladı
Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Mark İnnes-Braun fəxri qarovul dəstəsinin qarşısından keçib.
Mark İnnes-Braun etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Mark İnnes-Braun səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı işinə töhfəsini verəcək.
Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braun ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə etimadnaməsini təqdim etməkdən qürur hissi duyduğunu, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.
Səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçib.
Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirilib.