Goranboyda içərisində 63 nəfər olan avtobus çaya düşdü: çoxlu sayda yaralı var
Goranboyda avtobus çaya aşıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkənd kəndi ərazisindən keçən hissəsində baş verib. Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüyə qalxarkən çaya aşıb.
“İsuzu” markalı avtobusun Kürəkçay çayına aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralıladan 19-unun şəxsiyyəti artıq dəqiqləşib. Yaralanan qadınların hamısı uşaq baxçası işçiləridir, rayonun Cinarlı və Şəfəq kəndlərindəndirlər.
Xəsarət alanlardan 1962-ci il təvəllüdlü Bağırova Rəna Hüseyn qızının vəziyyəti ağır olduğu üçün Gəncədəki xəstəxanalardan birinə aparılıb. Digər yaralılar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəzaya düşən avtobusda 63 nəfər olub.