Neftin qiymətində illik rekord: "Brent" neftinin qiyməti 61 dollara yaxınlaşır

OPEK üzvlərinin təşəbbüsü ilə imzalanan qlobal neft paktının müddətinin uzadılması ehtimalı neftin qiymətini maksimuma qaldırıb. APA TV-nin məlumatına görə, son bir il ərzində "Brent" markalı neftin qiyməti ilk dəfə 60 dollardan baha satılıb. Birjalarda həftənin son seansında bu markadan olan neft 60,66 dollardan satılıb ki, bu da son 52 həftənin maksimum göstəricisidir. Ümumilikdə "Brent" nefti bu həftə 2 faizdən çox dəyər qazanıb.

 

Qərbi Texas nefti də bahalaşmaqda davam edir. Son hərracda WTİ markalı neftin bir bareli 54,17 dollardan satılıb. Buna rəğmən Qərbi Texas nefti illik rekordu yeniləyə bilməyib. Son 52 həftə ərzində bu markadan olan neftin bir bareli maksimum 55,24 dollara satılıb.

 

Qiymətlərin bahalaşmasında ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayının üçüncü həftə ard-arda azalması da rol oynayıb. Dünən "Baker Hughes" şirkəti müvafiq hesabatı açıqlayıb, hesabata əsasən həftə ərzində buruqların sayı 7 vahid azalaraq 736 ədəd təşkil edib.

 

OPEK üzvləri qlobal neft paktında iştirak edən digər ölkələrlə hasilatı azaltmaq barədə sazişin müddətinin uzadılmasını gələn ay müzakirə edəcəklər. İlkin müzakirələr noyabrın 30-da Vyanada keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv