ABŞ-ın "Yeni Suriya planı": NEFT YATAQLARI TUTULACAQ, KÜRDLƏRƏ DƏSTƏK
ABŞ Suriyada yeni hədəflərini açıqlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələrinin nümayəndəsi, polkovnik Rayan Dillon Suriyada yeni ərazilərə tezliklə zərbələr endiriləcəyini bəyan edib.
"İŞİD-in əsas qüvvələri Rəqqadan çıxarıldıqdan sonra Deyr-əz-Zor vilayətindəki Əbu-Kamal şəhərinə yerləşib. Terrorçulara qarşı əməliyyatların davamı olaraq adı çəkilən şəhər və onun ətrafı bombalanacaq. Bu, "Suriya Demokratik Qüvvələri"nin irəliləməsi üçün vacibdir" - deyə, zabit bildirib.
Rayan Dillon əlavə edib ki, uğurlu əməliyyatları dayandırmaq olmaz:
"Suriya Demokratik Qüvvələri"nin qələbələrini möhkəmləndirməliyik. Onların neftlə zəngin əraziləri, həmçinin Omar neft yatağını ələ keçirməsi üçün istənilən dəstəyi verəcəyik. İŞİD-in nəzarətində olan bölgələr bir-bir təmizlənəcək".
Xatırladaq ki, İŞİD-in özünə "paytaxt" elan etdiyi Rəqqa oktyabrın 20-də terrorçulardan geri alınıb.