İraq ordusu peşmərgə və İŞİD-ə qarşı əməliyyatı dayandırdı - SƏBƏB

İraqın baş naziri Heydər əl-İbadi ordunun peşmərgəyə qarşı keçirdiyi əməliyyatın dayandırılması ilə bağlı göstəriş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hərbçilər bir gün istirahət edəcək.


Bu, orduya nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməyə də imkan verəcək. Hərbçilər artıq ölkənin şimalında xeyli ərazini kürd silahlılardan təmizləyib. Peşmərgə mövqelərini daha çox döyüşsüz tərk edərək, geri çəkilib.

Bundan əlavə İŞİD-ə qarşı keçirilən əməliyyatlara da qısamüddətli fasilə verilib. Həmin ərazilərdə də möhkəmlənmə tədbirləri başlayıb.

Bu arada Şimali İraq Kürd Muxtariyyətinin "Rudav" telekanalı İraq ordusunun peşmərgəyə qarşı ABŞ istehsalı olan "Abrahams" tanklarından istifadə etdiyi barədə xəbər yayıb.

Xatırladaq ki, ABŞ enatoru Con Makkeyn bir müddət əvvəl Bağdada xəbərdarlıq edərək, kürdlərə qarşı Amerika silahlarından istifadə edilməsini yolverilməz adlandırıb və həmin silahların İraq ordusuna yalnız İŞİD-ə qarşı mübarizə aparılması üçün verildiyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv