Azərbaycandan İspaniyaya dəstək: "Ərazi bütövlüyünüzü tanıyırıq"
Azərbaycan İspaniyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. APA TV-nin məlumatına görə, bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. XİN rəsmisi bildirib ki, xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd şəkildə, Konstitusiya və qanunların pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir.
Qeyd edək ki, dünən İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb. Bir çox ölkə və beynəlxalq təşkilat İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış ediblər. Yalnız Şotlandiya hökuməti Kataloniyanın müstəqillik qərarına hörmətlə yanaşdığını açıqlayıb.