Diqqətli olun, sabah saatlar geri çəkilməyəcək - XƏBƏRDARLIQ
Əvvəllər oktyabrın son həftəsi saatlar bir saat geri çəkilir, ölkə qış vaxtına keçirdi. Nairlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, yay vaxtına keçid ləğv olunduğu üçün, sabah, yəni oktyabrın 29-da ölkədə saatların əqrəbləri bir saat geri çəkilməyəcək.
Artıq iki ildir Azərbaycanda saatlar geri və irəli çəkilməsə də, telefon və kompüterlərində saat dəyişikliyi problemi hələ də yaşanır. Bu səbəbdən gedəcəyi yerə vaxtında çata bilməyənlər də az deyil.
- Dərsə gecikmə olur, səhər bilmirik necədə durmalıyıq ona görə problem olur
- Avtomatik çəkilmə üsulunu bağlamışam, çəkilməyəcək
- Dünən oxumuşdum internetdə, deyəsən bu gün çəkiləcəkdi. Avtomatik üsulu bağlamışam, çəkilməyəcək.
Azərbaycan İnternet Forumun prezidenti ekspert Osman Gündüz bildirib ki, telefon və kompüterlərdə saat rejiminin dəyişməsi avadanlığın yenilənməməsi ilə bağlıdır:
"İstifadə olunan bəzi proqram təminatları, əməliyyat sistemləri avadanlıq var ki, onlarda köhnə əməliyyat sistemlərindən istifadə olunur və yenilənmə işləri aparılmayıb. İlk növbədə, istifadəçilər özlərinin istifadə etdikləri əməliyyat sistemləri və avadanlığı yeniləməlidir. Yenilənmə işlərinin həyata keçirilməməsi ucbatından problem qalır".
İstifadəçilər elektron cihazların”tarix və vaxt” menyusundan “avtomatik” rejimini seçməməklə bu problemi aradan qaldırıla bilərlər.
"Gərək proqram təminatını yeniləyəsiniz, kim yeniləməsə, bu problem qalacaq. Gərək bu yenilənmələr həyata keçirilsin, yenilənməyibsə, gərək saatlar əl ilə düzəldilsin".
Osman Gündüz deyir ki, vaxtilə müəyyən tarixdə saatın dəyişdiyini unudanlar üçün xəbərdarlıqlar olmalıdır. Yaxşı olar ki, aidiyyatı qurumlar əhaliyə xəbərdarlıq etsin.
Qeyd edək ki, oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər informasiya texnologiyaları sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir. Buna görə də həmin saatlarınızı divar saatlarına uyğunlaşdırmağı unutmayın!