Masallıda yaşayış olmayan evlərdən oğurluq edən dəstə ələ keçdi
Masallı rayonunda yaşayış olmayan evdən naməlum şəxslər tərəfindən 3000 manat dəyərində 3 ədəd televizor oğurlanıb. Oğruların həmin evdən eyni zamanda qazan dəsti, ətçəkən maşın və digər məişət əşyalarını oğurladığı da məlum olub. Eyni vaxtda yaxınlıqdakı digər bir evdən dəyəri bir neçə min manat olan müxtəlif qab-qacaq və yataq dəstləri oğurlanıb. Aparılan əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanıb. Məlum olub ki, onlar Masallı şəhər sakini 31 yaşlı Xəlilov Elmar Faiq oğlu, 36 yaşlı Mirzəyev Cavad Mahmud oğlu və 28 yaşlı Məmmədov Orxan Cəlil oğludur.
Masallı rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Anar Xəlilov bildirib ki, oğurluq nəticəsində ev sahiblərinə təqribən 13 manata yaxın ziyan dəyib: " Həmən şəxslər rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onlar törətdikləri əməlləri səmimi etiraf ediblər. Cinayət işi üzrə maddi sübut olan əşyaların bir hissəsi götürülərək istintaqa təhvil verilib".
Saxlanan şəxslər barədə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Saxlanan şəxslərin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.