Avtobus və yük avtomobillərinin vaxtı sabah bitir - TEXNİKİ BAXIŞDAN KEÇDİNİZMİ?

Avtobusların və yük avtomobillərinin sabaha qədər vaxtı var. Çünki sözügedən nəqliyyat vasitələrinə texniki baxışla bağlı verilən müddət sabah başa çatır.

 

APA TV-nin çəkiliş apardığı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində texniki baxışdan keçməyə gələn avtobus və yük maşınları demək olar ki, yox idi.

 

Müayinə mərkəzinin dövlət avtomobil müfəttişi Elgiz Teymurovun sözlərinə görə, bu günə qədər nəqliyyat vasitələrinin cəmi 50%-dən az bir hissəsi təqdim edilib. Texniki baxışa təqdim edilməyən nəqliyyat vasitələrinin arasında ən çoxu avtobus və mikroavtobuslardır.

 

Kimisi qoyulan vaxt ərzində tabeliyində olan avtobus və yük maşınlarına saz vəziyyətdə olduğunu təsdiqləyən sənədi alıb, kimisi isə nəqliyyat vasitəsini hələ də köhnə birkalarla idarə edir.

 

Nəqliyyat vasitəsi texniki baxışdan təyin edilən müddətdə keçmədikdə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Müayinə mərkəzinin dövlət avtomobil müfəttişi Elgiz Teymurov avtobus sahiblərinə qeyd olunan vaxta qədər texniki baxışdan keçməyi tövsiyə edib: "Son günlər olmasına baxmayaraq, qaraj müdirləri, şirkət sahibləri avtobusların, yük maşınlarını texniki baxışa cəlb etsinlər. Əks halda, noyabrın 1-dən cərimə tətbiq olunacaq".

 

Qeyd edək ki, Azərbaycanda yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında keçirilir.

Müəllif | Apa.Tv