"Burdan maşın keçərdi, indi piyada yolu da qalmayıb" - LƏNKƏRANDA SELİN FƏSADLARI

Lənkəranda bu yaxınlarda sel sularının yaratdığı fəsadlar bəzi yerlərdə hələ də aradan qaldırılmayıb. Bir kəndin istifadə etdiyi iki piyada körpüsü, hasarlar dağılıb. Hələ selin yuyub apardığı yolu demirik: "Sel gələn günü həyəcan içində yaşamışıq. Görürsünüz, bu hasar da burdan gedib. Bu dirəkləri də bura söykəmişik ki, hasar uçulmasın. Bir də sel gəlsə, bu yerlərin hamısı gedər".

 

APA TV-nin cənub bürosu xəbər verir ki, Lənkəranın Separadi kəndi bir müddət öncə baş verən güclü selin fəsadlarından əziyyət çəkir. Kənd ərazisindən keçən Ulum çayının daşması nəticəsində vətəndaşlara ciddi ziyan dəyib. Kiminin hasarını sel suları yuyub aparıb, kiminin isə bağını. Çayda su sürətlə axdığından, torpaq qatını yuyaraq yaşayış evlərinə yaxınlaşdırıb.

 

Kənd sakini Elnur Manafov deyir ki, problem təkcə bununla da bitmir. Çayın kənarı ilə avtomaşınların hərəkət etdiyi yol da selin qurbanına çevrilib: "Hazırda görürsünüz, bu yol bərbad gündədir. Burdan o yanda 20-30 yaşayış evi olduğu üçün gediş-gəliş olub bu yoldan. Hazırda acınacaqlı vəziyyətdir. Burdan maşın keçərdi. İndi piyada yolu da qalmayıb".

 

Bəzi sakinlər öz vəsaitləri hesabına çayda beton-bərkitmə işləri aparıblar. Nəsir Nurullayevin sözlərinə görə, amma yenidən sel gəlsə, qarşısını bu yolla almaq mümkün olmayacaq: "Burda sahil-bərkitmə işləri aparılsın, halbuki dəfələrlə bununla bağlı müraciət etmişik. Vaxtında bu işlər görülsə idi, bu vəziyyətə gəlib çıxmazdı".

 

Separadidə kənd icra nümayəndəliyinin binasına və poçt binasına getmək üçün iki piyada körpüsü var. İndi vətəndaşlar körpülərin heç birindən istifadə edə bilmirlər. Güclü sel təkcə yolu, hasarı deyil, eyni zamanda çayın o tayından bu tayına keçmək üçün piyada körpüsünü də yuyub aparıb. Sakinlər körpünü sudan çıxarıblar. 22 metr uzunluğunda, dəmir konstruksiya ilə yığılmış körpü təmir olunacağı günü gözləyir".

 

Bir körpünü sel suları tamamilə yuyub aparıb, digəri isə tam qəzalı vəziyyətdədir. Məsələ ilə bağlı müraciət etdiyimiz kənd icra nümayəndəsi Süleyman Əzimov bildirib ki, bütün rəsmi qurumlara məlumat verilib: "Dəymiş ziyanın məbləği və yaranan təhlükə də yerində araşdırılaraq akt tərtib edilib. Amma problemin nə vaxt həll olunacağına biz söz verə bilmərik".

Müəllif | Apa.Tv