"Dərs Evi" Tədris Mərkəzi beynəlxalq test hazırlığı üzrə kurslar açdı
"Dərs Evi" Tədris Mərkəzi beynəlxalq test hazırlığı üzrə kursların açılış mərasimini keçirib.
APA TV-nin xəbərinə görə, mərkəzin Azərbaycanda yeganə "Kaplan" Sertifikatlı Tədris Mərkəzi adını qazanması münasibətilə keçirilən tədbirdə müxtəlif hökumət rəsmiləri, diplomatik nümayəndəliklər, yüksək səviyyəli menecerlər, təhsil sahəsində çalışan mütəxəssislər, universitetlərin nümayəndələri, məktəb direktorları iştirak edib.
Qeyd edək ki, 2015-ci ildə yaradılan "Dərs Evi" "Gilan Holding"in təhsil layihəsi çərçivəsində fəaliyyət göstərən innovativ tədris mərkəzidir. "Dərs Evi" yarandığı ilk günlərdən abituriyentlərin qəbul imtahanlarına hazırlığı kursları üzrə ixtisaslaşıb. Bu layihə çərçivəsində İsraildə, ABŞ-da təhsil almış və standartlaşdırılmış imtahana hazırlıq üzrə zəngin təcrübəyə malik mütəxəssislər Azərbaycana dəvət olunub. Burada həm yüksək bilik və bacarığa malik müəllim heyəti, həm də sırf imtahanlara hazırlaşdırmaq üzrə dünya təcrübəsinə malik peşəkarlar çalışır. "Dərs Evi"nin məqsədi hər bir tələbəyə öz potensialını dərk etməsində və həyata keçirməsində, təhsil və karyera yolunda düzgün istiqaməti seçməsində yardım etməkdir.
Tədbirdə çıxış edən "Gilan Holding"in İdarə Heyətinin üzvü və Dəyişikliklərin idarə olunması üzrə direktoru, "Dərs Evi" Tədris Mərkəzinin rəhbəri Pavel Belorusskiy bildirib ki, beynəlxalq test hazırlığı kursları “Kaplan International” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayıb: “Mən çox həyəcanlıyam ki, "Dərs Evi" "Kaplan" Sertifikatlı Tədris Mərkəzi adını qazanıb. İnanıram ki, "Kaplan" kimi dünya liderinin Azərbaycana gəlməsi təhsil standartlarının yüksəlməsinə, bütünlükdə təhsil sisteminin inkişafına kömək edəcək. Bu, mənim çoxdankı arzum idi və sevinirəm ki, "Kaplan" artıq Azərbaycandadır. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik”.
Beynəlxalq "Kaplan" Test Hazırlığının icraçı direktoru Nimeş Citendra Şah bildirib ki, “Kaplan” test hazırlığı üzrə dünya lideridir və artıq 75 ildir dünyanın 600 yerində milyonlarla tələbəyə xidmət göstərir. Bu brend beynəlxalq miqyasda kollec və magistratura pilləsinə qəbul, ingilis dili biliyi və bir sıra peşəkar lisenziya imtahanları üçün 90-dan çox standart test vəsaitinin tərtib olunması təklifini irəli sürüb. "Kaplan"ın fəlsəfəsi tək sinif otaqlarına və dərsliklərə diqqət deyil, tam olaraq tələbə üçün hərtərəfli təcrübə yaratmaqdır. "Kaplan" hər bir tələbənin öyrənməsi üçün fərdi yanaşmanı təmin edən müasir diaqnostik və praktiki vasitələrin yardımını təklif edir: “Biz "Kaplan" olaraq çox şadıq ki, artıq Azərbaycandayıq. "Dərs Evi" ilə əməkdaşlıq sayəsində biz uzun illər ərzində dünyada özünü sübut etmiş təcrübəmizi Azərbaycana gətiririk. Bununla da artıq azərbaycanlı tələbələr ən qabaqcıl metodika üzrə hazırlaşmaq imkanı əldə edəcəklər və bu doğrudan da möhtəşəmdir”.
Qeyd edək ki, 2013-cü ildə "Kaplan" test hazırlığı onlayn proqram üzrə qeydiyyatdan keçənlər də daxil olmaqla, 415 mindən çox tələbə və peşəkarlar üçün kurslar təşkil edib. Test hazırlığı 100-dən çox ölkədə onlayn şəkildə, 30 ölkədə isə diler və tərəfdaşlar vasitəsilə həyata keçirilir. "Kaplan" sertifikatlı mərkəz olaraq "Dərs Evi"nin təklif etdiyi beynəlxalq test hazırlığı kurslarına IELTS, SAT, TOEFL, GMAT və GRE hazırlıqları daxildir.