Akif Çovdarova hökm oxundu - ƏMLAKI MÜSADİRƏ OLUNDU
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə başa çatıb.
APA TV-nin xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub.
Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə də xüsusi qərar çıxarıb.
Bundan başqa, Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.
DTX-nin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.