Həbsdən çıxıb tutulduğu evə gəldi, yenə tutuldu - BAKIDA FİLM KİMİ HADİSƏ

Bir neçə gün əvvəl Bakının Xətai rayonundakı evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslər yaxalanıb.

APA TV-nin xəbərinə görə, cari ilin oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq  məsuliyyətə cəlb ediliblər.

Xətai RPİ-nin müstəntiqi Elnur Əsədov əməliyyat barədə məlumat verib: "Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış idarəsinin və 35-ci polis bölməsinin əməkdaşları tərəfindən təxirəsalınmaz keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Fərhadov Kamal Məmmədhüseyn oğlu və Şəfiyev Səyavuş Niyazi oğlu saxlanılaraq istintaqa təqdim olunub. İfadələri alınarkən onlar öz əməllərini  etiraf edib, eyni zamanda saxlanılan zaman Viktor Məmmədovun evindən götürülmüş bir ədəd kişi qol saatı maddi sübut kimi götürülərək istintaqa təqdim olunub".

Araşdırmalar zamanı dəstə üzvü Kamal Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq etdiyi məlum olub. Kamal Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı Səyavuş Səfiyevə yenidən həmin ev sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib: "Yadıma düşdü ki, o adam tək yaşayır. Getdik girdik evə. Bizin ona heç nə etmək fikrimiz olmayıb, pul lazım idi. Pulu özü getdi gətirdi. Haradasa 3000 yaxın pul idi".

Səyavuş Səfiyev isə Viktor Məmmədovu aldadaraq qapını açdırdıqlarını bildirib: "Qonşu adı ilə açdıq qapını ki, bizə su damır. Açdırdıq, bu da açdı. Dəsmalı tutdum burnuna, dedim səninlə işim yoxdur, sənə heç nə etməyəcəyik. 5-10 manat pula gəlmişik. O da inanmadı, and içdim ki, qorxma, səninlə işimiz yoxdur. O da göstərdi, harada nə var, götürdük çıxdıq".

Xətai  RPİ-nin müstəntiqi Elnur Əsədovun sözlərinə görə, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələdə isə oğurluq cinayəti törətdiyi müəyyən edilib: "Kamal Fərhadov, Səyavuş Səfiyevin ifadələri alınarkən istintaqa səmimi olaraq əvvəllər törətdikləri cinayət əməllərini də etiraf ediblər. Belə ki, onların Binəqədi rayonu ərazisində 7-ci mikrorayonda Azər adlı şəxsə qarşı quldurluq cinayəti törətdiyi müəyyən olunub. Bundan başqa, onlar Qəbələ rayonunda da oğurluq cinayəti törətdikləri etiraf ediblər".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPi müraciət edə bilərlər.

 

Müəllif | Apa.Tv
Apa.tv