TARİXİ LAYİHƏ GERÇƏK OLDU: Bakıdan Qarsa ilk qatar yola salındı
Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib. Bakı-Tbilisi-Qars dəmir yolunu tarixi və strateji əhəmiyyətli layihə adlandıran dövlət başçısı deyib ki, 850 kilometrlik yolun 504 kilometri Azərbaycan ərazisindən keçir:
“Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək”.
Azərbaycan prezidenti qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə şübhə ilə yanaşanlar da olub:
“Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yaşadığımız dövrlə yanaşı, gələcəyimiz üçün də çox mühüm addımdır:
“Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur. Azərbaycanlı qardaşlarım “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir” deyirlər. Məhz bu baxımdan bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm”.
Mərasimdə Gürcüstan, Özbəkistan və Qazaxıstanın baş nazirləri də çıxış ediblər.
Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı qısa film nümayiş olunub.
Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.
Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.
Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.