Ağcabədidə qazdoldurma məntəqəsində qorxunc partlayış: ölən və yaralananlar var
Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində yanğın olub. Yanğın nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Boyad kəndində qeydə alınıb. Partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
“ZİL” markalı yük maşının sürücüsü, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsirov Gülhüseyn Əlihüseyn oğlu yanıq xəsarəti ilə Ağcabədi Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yanacaqdoldurma məntəqəsində propan qazı daşıyan maşından maye qazın çənlərə boşaldılması zamanı yaranan texniki nasazlıq olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ağcabədi rayon Prokurorluğu və FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları hadisə yerində araşdırma aparıb.
FHN Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m2 olan operator otağının dam örtüyü qismən yanıb.
Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub.